Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində “Vətən Müharibəsi”ndə şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, abidənin önünə gül çələnginin qoyulması və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırıb, mərasimin Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını, sərhədçilərin bu ilki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulayıb.
Çıxışda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nətiicəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının sərhədçilər tərəfindən uğurla icra edildiyi, ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri qeyd olunub.
Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilib.
Torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin həlak olmuş 47 hərbi qulluqçusu arasında pilot zabitlərimiz - mayor Qasımov Abbas Rza oğlu və baş leytenant Gözəlov Xalid Həsən oğlunun da olmaları, DSX-nin Aviasiya Qüvvələrində şəhidlərimizin xatirəsinə və Vətən Müharibəsinin əfsanəsinə çevrilmiş AN-2 təyyarəsinə abidələrin ucaldılmasının şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsinə yüksək ehtiramın ifadəsi, döyüş qüdrətimizin təcəssümü olduğu bildirilib.
Tədbir zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.