Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.