Zaqatalada mənzildə baş verən yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binanın 12-ci mənzilində baş verib.
Belə ki, Lalə İlyasovaya məxsus evin mətbəxində olan paltaryuyan maşın anidən alışıb. Nəticədə mətbəx mebeli də yanıb.
Yanğın qonşuların köməyi ilə söndürülüb. Lakin evdə yaranan güclü tüstü nəticəsində ev sahibinin qardaşı qızı, 1990-cı il təvəllüdlü Maya Məmmədova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Qeyd edək ki, ev sahibi Lalə İlyasova bölgədə tanınmış müğənnidir. Onun bir ay öncə də Qax rayon Zərnə kəndində yerləşən fərdi yaşayış evi yanmışdı.