Zaqatalada itkin düşən yerli turistlər təxliyə olunub - YENİLƏNİB-3
- 24 iyul, 2023
- 19:23
Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistləri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.
Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.
19:08
Zaqatalada itkin düşən yerli turistlərin adları məlum olub.
"Report"un məlumatına görə, onlar Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Əli Əlizadə və 1999-cu il təvəllüdlü Əbdül Rzayevdir.
Onların olduqları yer artıq müəyyən olunub. Hazırda həmin şəxslərin təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
17:25
Zaqatalada itkin düşən yerli turistlərin yeri müəyyənləşib.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
Onun sözlərinə görə, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.
Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
12.17
Zaqatalada itkin düşən yerli turistlərin axtarışları davam edir.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
O xatırladıb ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub.
M.Mənsimov qeyd edib ki, Zaqatala Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin iştirakı ilə onların axtarışları davam etdirilir.
Məlumata görə, yerli turistlərin gəzmək adı ilə getdiyi şəlalə Katex şəlaləsidir. Şəlalə Qəbizdərə kəndindən 4 km məsafədə yerləşir. Həmin ərazilər yüksək dağlıq-qayalıq ərazilərdir.
Girişi qadağan olunan Katex şəlaləsində əvvəllər də bir-neçə dəfə ölüm hadisələri baş verib. Odur ki, şəlalənin yerləşdiyi dağlıq əraziyə bələdçi olmadan getmək təhlükəlidir.