Oktyabrın 21-də saat 15 radələrində Zaqatala rayonu, Yengiyan kənd sakini 1978-ci il təvəllüdlü İsmayılova Zalxa Qədim qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Zaqatala Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri İsmayılov Fazil Allahverdi oğlunun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Zalxa İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Fazil İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.