“Cənab Prezident
Bunu “Report”a açıqlamasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova deyib.
Prezidentin fərmanının məhkəmə-hüquq sistemi, xüsusilə də vəkillik fəaliyyətinə müsbət təsirlərindən danışan S.Yaqubova bildirib ki, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına hesablanmış bu sənəd ölkədə məhkəmə-sistemində şəfaflığın, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ciddi və mütərəqqi addımdır: “Məhkəmə-hüquq sistemində, vəkillik institutunun inkişafında bu fərman öz müsbət nəticələrini daha operativ və effektiv formada ən qısa zaman kəsiyində göstərəcək. Fərmanın innovativ özəlliklərindən biri kimi sahibkarların fəaliyyəti ilə bağlı, sahibkarlıqla bağlı mübahisələrdə sahibkarların məhkəməyə çıxışının operativ və effektiv formada təmin olunması məqsədi ilə yeni ixtisaslaşmış məhkəmənin yaradılması qərara alınıb. Bu ölkənin iqtisadi gücünün artırılmasında, istər yerli sahibkarların, istərsə də xarici investorların ölkəyə ciddi yatırımların edilməsində etibarlı və davamlı münasibətlərində mühüm rol oynayacaq.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü kimi, vəkil olaraq möhtərəm Prezident İlham Əliyevə öz adımdan və bütün həmkarlarım adından böyük təşəkkürümüzü bildiririk. Çünki bu fərmanda da dövlət başçısı vəkillik institutunu diqqətindən kənar qoymadı və bir daha göstərdi ki demokratik cəmiyyətin göstəricilərindən biri olan vəkillik (müdafiə) institutunun güclənməsi, ölkədə nüfuzlu vəkilliyin mövcudluğu, inkişafı ciddi prioritet daşıyır. Fərmanın 13.1-ci bəndi dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin vəkillərə çatımılığına dair problemi həll etdi.
Belə ki, bu fərmana qədər dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsait vəkillərə yerli icra hakimiyyəti orqanları vasitəsilə çatırdı ki, bu prosesdə ciddi problemlər var idi, əksər hallarda həmin vəsait vəkillərə vaxtında çatmırdı. Bu fərmanla artıq həm vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması nəzərdə tutur ki, bu da vəkillərə çatacaq vəsaitlərin vaxtında verilməsini təmin etməklə, yanaşı həm də həmin məbləğlərin düzgün hesablanmasında dafa effektiv bir nəticə verəcək.
Bundan başqa, fərmanla “elektron-məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması qarşıya qoyulan məqsədlərdən biridir ki, bu həm vəkillər üçün, həm vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edən məqamlardan biridir.
Fərmanda həm məhkəmə-hüquq sisteminin bütün iştirakçılarına, o cümlədən vəkillərə münasibətdə də məhkəmə işləri zamanı qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi qarşıya qoyulan ən ümdə məsələlərdən biridir. Bu isə ölkədə qanunuçuluğun, müstəqil məhkəmənin inkişaf etdirilməsinə hesablanan ciddi bir addımdır.
Ümumiyyətlə fərman məzmun və mahiyyət etibarı ilə ölkədə məhkəmə-hüquq sistemində tarixi əhəmiyyətə malik olmaqla, ciddi islahatların davam etdirilməsində yeni bir dövrün başlanğıcıdır. Bu Fərmanı oxuyub şad olmamaq mümkün deyil. Bütün xalqımıza xeyirli olsun! Çünki ədalət mühakiməsi xalq üçün əmiyyətli olan demokratik cəmiyyətin mövcudluğunun ana sütunudur. Dünənki fərman olkədə məhkəmə-hüquq sistemində qanunçuluğun, şəffaflığın daha da yüksək səviyyədə təmin olunmasına, məhkəmələrdə işlərə operativ və qanunu çərçivəsində ədalətlə baxılmasına hesablanıb”.