Vəkil: "Dələduzluqda təqsirləndirilən Gəray Abdullayevin əməlində heç bir cinayət tərkibi yoxdur"

Vəkil: "Dələduzluqda təqsirləndirilən Gəray Abdullayevin əməlində heç bir cinayət tərkibi yoxdur" "Məhkəmə onun barəsində bəraət hökmü çıxarmalıdır"
Hadisə
11 Oktyabr , 2016 18:07
Vəkil: Dələduzluqda təqsirləndirilən Gəray Abdullayevin əməlində heç bir cinayət tərkibi yoxdur

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Gəray Abdullayevin əməlində heç bir cinayət tərkibi yoxdur".

Bunu "Report"a G.Abdullayevin vəkil İlqar Əliyev deyib.

Vəkilin sözlərinə görə, G.Abdullayevlə birgə təqsirləndirilən digər şəxslər onu tanımadıqlarını deyiblər: "Hüquqlarını müdafiə etdiyim şəxs bu işdə təqsirləndirilən şəxslərdən biri - Loğman Abdullayevin qohumu olduğu üçün istintaqa cəlb edilib. Polis əməkdaşları tərəfindən saxlanılan Gəray Abdullayev barəsində Nərimanov Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçməyib. Dövlət ittihamçısı apellyasiya protesti verdi. Bakı Apellyasiya Məhkəməsi də apellyasiya protestini təmin etmədi. Onun əməlində cinayət tərkibi olmadığı üçün hesab edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bəraət hökmü çıxarmalıdır. Çünkü Gəray Abdullayev barəsində heç bir mötəbər sübutlar yoxdur".

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev, G.Abdullayev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. G.Abdullayev barəsində isə həbs qətimkan tədbiri seçilməyib, məhkəmə onun barəsində polisin nəzarətinə verilmə ilə bağlı qərar çıxarıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin, Emin Qasımovun, Ruslan Hacıyevin, Pərviz Rzayevin, Fərhad Tağıyevin, Tural Qasımovun və Gəray Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Son xəbərlər

Orphus sistemi