Ucarda baş verən qəzada zərər çəkən sakin: Biz gurultu səsinə çıxanda, daha bir partlayış oldu

Ucarda baş verən qəzada zərər çəkən sakin: Biz gurultu səsinə çıxanda, daha bir partlayış oldu Biz gurultu səsə çıxanda, daha bir partlayış oldu.
Hadisə
1 Oktyabr , 2024 17:19
Ucarda baş verən qəzada zərər çəkən sakin: Biz gurultu səsinə çıxanda, daha bir partlayış oldu

Biz gurultu səsə çıxanda, daha bir partlayış oldu.

Bunu “Report”un Yuxarı Şirvan bürosuna açıqlamasında oktyabrın 1-də yanacaqdaşıyan maşının Ucar rayonunun Müsüslü kəndində qəzaya uğraması nəticəsində baş verən yanğından zərər çəkən kənd sakini Qafur Şərifov deyib.

O, yanğın nəticəsində ciddi zərərə uğradığını bildirib:

“Partlayış səsi gəldi, çıxıb gördük ki, tövləmiz yanır. Bir az irəli keçəndə, daha bir partlayış oldu. Baxdıq ki, yoldan keçən maşınların hamısı dayanıb burada. Sonra gördük ki, “benzinovoz” maşını aşıb, yanır. Yanğın zamanı içində altı aylıq xotək, 1500 bağlama ot, beş kub taxta olan tövləm tamamilə yanıb”.

Qəza baş verən əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Fateh Ağayev “Report”un əməkdaşına bunları deyib:

“Nazirliyin “112” qaynar xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayon ərazisindən keçən hissəsində yanacaqdaşıyan maşında yanğın olması ilə bağlı məlumat daxil oldu. Dərhal FHN-nin yanğından mühafizə xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. İlkin bölməmiz əraziyə çatdıqda əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Ağsu rayon sakininin yanacaqdaşıyan maşını idarəetməni itirərək yolun kənarına aşıb və nəticədə qısa zaman kəsiyində yanğın hadisəsi baş verib.

Qüvvə və vasitələrin köməyi ilə yanğının söndürülməsinə başlanılıb. Qısa müddət ərzində yanğın məhdudlaşdırılıb və söndürülüb. Yaxınlıqda olan vətəndaşa məxsus tikilidə də yanğın hadisəsi baş verib. Yanğın tərəfimizdən çevik reaksiya verilərək məhdudlaşdırılıb və söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin sürücüsünün cəsədi aşkar edilib. Ümumilikdə nəticədə 40 ton yanacaq və vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan yardımçı tikili yanğından mühafizə olunub. Yanğının digər ərazilərə yayılmasının qarşısı əməkdaşlarımız tərəfindən alınıb. Hadisə yerinə beş yanğınsöndürmə avtomobili və 30-a yaxın şəxsi heyət cəlb olunub. Hadisə yerinə yaxın olduğu üçün Kürdəmir yanğından mühafizə hissəsinin əməkdaşları 16 dəqiqə ərzində hadisə yerinə çatıblar. Eyni zamanda, Göyçay və Ucar rayonlarından da əraziyə yanğınsöndürmə avtomobilləri və şəxsi heyəti cəlb edilib”.

Qeyd edək ki, yanğın tamamilə söndürüldükdən sonra yanacaqdaşıyan maşının sürücüsü, 60 yaşlı Tahir Səlim oğlu Mehdiyevin avtomobildə qalmış yanmış cəsədi FHN-in xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi