Agentlik: Tovuzda ailənin imtina etdiyi 3 uşaqla bağlı tədbirlər görüləcək - YENİLƏNİB
- 09 aprel, 2026
- 15:38
Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı mövcud vəziyyət qiymətləndirilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaqlar müvafiq səhiyyə müəssisəsinə yerləşdiriliblər:
"Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə məlumatda qeyd edilib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"un Qərb bürosuna bildirib ki, ailədə ata alkoqol aludəçisidir, ananın isə psixoloji problemləri var.
"Uşaqlar baxımsız vəziyyətdə qaldığı üçün rayon icra hakimiyyətinin nümayəndələri ailəyə baxış keçirib. Uşaqların baxımsız vəziyyətdə olduğu təsdiqlənib. Azyaşlılar ilkin olaraq müayinə üçün xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı araşdırma aparılır", - deyə açıqlamada qeyd olunur.
Gülər Seymurqızı
Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
"Report"un Qərb bürosunun məlumatına görə, ailəsinin imtina etdiyi üç oğlan uşağı - Y.Ələsgərov (2018), İ.Ələsgərov (2019) və İ.Ələsgərov (2024) polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.