Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb

Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
11 Dekabr , 2024 16:11
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olması səbəbindən məhkəmə istintaqı təzələnib.

Təqsirləndirilən Nuridə Seyidova özünü qismən təqsirli, digərləri isə özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilənlər və zərərçəkən şəxslərin bir neçəsi əvvəlki ifadələrini təsdiq edərək yenidən ifadə vermək istəməyiblər.

Dövlət Gömrük Komitəsinin Tibb Xidmətindən məhkəmənin sorğusuna göndərilən cavab prosesdə elan olunub.

Məktubda Həkim Mircəlal Kazımının həyata keçirdiyi əməliyyatlar və göstərilən digər tibbi xidmətləri barədə məlumatlar öz əksini tapıb.

Qeyd olunub ki, Nuridə Seyidovaya məxsus "Urmed help" şirkətinin Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borcu qalıb.

Müəyyən edilib ki, bəzi xəstələrin pulları sözügedən xəstəxanaya ödənilməyib.

Eləcə də "Bona Dea" xəstəxanasından məhkəmənin sorğusuna cavab göndərilib.

Sorğuda bildirilib ki, xəstəxana ilə "Urmed help" şirkəti arasında heç bir müqavilə bağlanmayıb.

Zərərçəkənlər iddia edib ki, talassemiya xəstələri üçün yığılan pullardan 35 min manat götürülərək "Bona Dea" xəstəxanasında başqa xəstə üçün ödənilib.

Məhkəmənin növbəti iclası dekabr ayının 18-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi