Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalan 5 yaşlı uşağın vəziyyəti sabitləşib.
Bu barədə TƏBİB-dən “Report”un sorğusuna verilən cavabda bildirilib.
Qeyd olunub ki, 2025-ci il aprelin 8-də saat 18:00 radələrində it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi davam etdirilir.
Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya edilən 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb.
“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıtda küçə itlərinin hücum etdiyi şəxslərdən 1-i 1995-ci il təvəllüdlü qadın, 5-i isə 2010, 2015, 2017, 2019 və 2020-ci il təvəllüdlü uşaqlardır.
Qeyd olunub ki, uşaqlar təhsil aldıqları müəssisələrdən çıxdıqdan sonra saat 17:30 radələrində küçə itləri onlara hücum edib.
Hazırda xəstəxanada müalicəsi davam edən 2020-ci il təvəllüdlü uşaq istisna olmaqla, hücuma məruz qalan digər şəxslər evə buraxılıb.
Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.
Bu barədə “Report”un yerli bürosuna TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır.