Bu il ərzində beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. ölkələrdən Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə ölkəmizə ekstradisiya edilməsi təmin olunub.
Bu barədə "Report"a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Bu günlərdə isə Cinayət Məcəlləsinin 263.3-cü (iki şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyasına nail olunaraq, o, nazirlik tərəfindən ölkəmizə gətirilib.
Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, qardaş Türkiyə tərəfindən ölkəmizə daim böyük dəstək göstərilir.
Ümumilikdə isə ötən 5 il ərzində 200 nəfərədək cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.
Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Qeyd edilir ki, Ədliyyə Nazirliyi tərəfindən dünyanın 33 ölkəsi ilə hüquqi sahədə ikitərəfli sazişlər üzrə, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar, eləcə də digər qitələrin ölkələri ilə 40-dan çox ikitərəfli müqavilələr üzrə ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilir.
Cari ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar ölkələrə giriş-çıxışa məhdudiyyətlərin tətbiqi, kommunikasiyanın çətinləşməsi ekstradisiya sahəsində rəsmi sənədlərin əsllərinin çatdırılmasında problemlər yaradır. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən xarici həmkarlarla məsləhətləşmələr aparılaraq ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və qısa müddətdə baxılması barədə razılığa gəlinib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.