Bakı 4 noyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) ağırlıqqaldırma üzrə milli komandası noyabrın 28-də ABŞ-ın Kaliforniya ştatının Anaxaym şəhərində keçiriləcək dünya çempionatında iştirakdan imtina edib.
"Report"un "İnside the Games"ə istinadən məlumatına görə, Şimali Koreyanın Ağırlıqqaldırma Federasiyası Ümumdünya Ağırlıqqaldırma Federasiyasına (IWF) boykot qərarı barədə izahat verməyib.
Belə addıma ABŞ və KXDR arasında siyasi münasibətlərdəki gərginliyin səbəb olduğu güman olunur. Oktyabrda IWF Koreya yarımadasındakı vəziyyətin gərginləşməsi səbəbindən gənclər arasında 2018-ci il dünya çempionatını KXDR-dən Özbəkistana keçirib.
Qeyd edək ki, Şimali Koreya dünyada ağırlıqqaldırma növündə liderlərdəndir. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında KXDR ağırlıqqaldıranları 1 qızıl, 3 gümüş, 2015-ci il dünya çempionatında isə 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Bundan başqa, KXDR təmsilçiləri hazırkı 3 rekordun müəllifləridirlər. ABŞ-dakı dünya çempionatında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Çin, Moldova, Türkiyə, Bolqarıstan, Ukrayna və Azərbaycan da təmsil olunmayacaq. Bu ölkələrin milli federasiyaları antidopinq qaydalarının çoxsaylı pozuntuları səbəbindən bir il müddətinə diskvalifikasiya olunublar.