Abşeron və Binəqədidə 18-dən çox mənzildən oğurluq edən şəxslər saxlanılıb - FOTO
- 27 dekabr, 2018
- 21:13
Abşeron. 28 dekabr. REPORT.AZ/ Mehdiabad polisi mənzilləri qarət edən iki nəfəri saxlayıb
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Binəqədi və Abşeron rayonlarında 18-dən çox mənzildən oğurluq edən iki dost - Saatlı rayon sakini, 19 yaşlı Samir Abbasov və Bakı şəhər sakini, 23 yaşlı Mirsaleh Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin evlərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub.
Saxlanılanlar izi itirmək üçün oğurluq məqsədi ilə daxil olduqları evlərin təhlükəsizlik kameralarının yaddaş kartlarını da götürərək aparıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Abşeronda avtomobili ilə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.