Baş Dövlət Yol Polisi İdarəsi Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınmış yol qəzası ilə bağlı məlumat yayıb.
Bu barədə "Report"a İdarədən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:17 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 2,5-ci kilometrliyində, Ağsu rayonu ərazisində 1983-cü il təvəllüdlü Hüseynov Elmir Mayıl oğlunun idarə etdiyi "MAN" markalı, 77-CV-760 dövlət qeydiyyat nişanlı avtobusun əyləc sistemində yaranmış texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq torpaq əraziyə sürüşüb.
Nəticədə avtobusda olan sərnişinlərdən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Əmirova Gülayə Qaçay qızı xəsarət alaraq Şamaxı Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Sürücü E.Hüseynov ilkin ifadəsində sərnişinlərinin tur şəklində Qəbələyə səfər edən şəxslər olduğunu və daşımanı qeyri-rəsmi olaraq şifahi razılaşma əsasında həyata keçirdiyini bildirib.
Hadisə yerinə cəlb olunan DİN BDYPİ-nin 4-cü taqımının əməkdaşları tərəfindən avtobusda olan sərnişinlərin, eləcə də digər nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün zəruri tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə zamanı yaralanan şəxslər Bakı sakinləri 50 yaşlı Əmirova Gülayə Qaçay qızı və 15 yaşlı Rəhmanova Sürəyya Elton qızıdır.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.
Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.
Faktla bağlı araşdırma aparılır.
Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosu xəbər verir.
Belə ki, tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.