Sahibkarı qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində mübahisə düşüb

Sahibkarı qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində mübahisə düşüb Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
22 Yanvar , 2018 13:27
Sahibkarı qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində mübahisə düşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili İlham Əsədov bildirib ki, qətlə yetirilən İlqar Məmmədovun hüquqi varisi, həyat yoldaşı Arzu Məmmədova onu təhqir edib.

Qadın isə onu təhqir etmədiyini söyləyib.

Daha sonra şahid qismində Səadət İbrahimova dindirilib. O qeyd edib ki, qətlə yetirilən şəxslə qonşu olublar: "Hadisə günü onun evinin işığı yanmırdı. Heç bir səs də eşitməmişəm".

Digər şahid Emin Mirzəyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən ikisi - V.Rüstəmov və Q.Kərimovu tanıyır: "Rayonda taksi kimi fəaliyyət göstərirəm. Kafedə Qalib mənə dedi ki, "Raf" maşınına benzin almaq lazımdır. Mən də onu apardım, yanacaqdoldurma məntəqəsindən benzin aldıq. Daha sonra onu görməmişəm".

Vüsalə Ağamirova da şahid qismində dindirilib. O, istinaqa verdiyi ifadəsini təsdiq etdiyini, rayonda mağazada işlədiyini deyib: "Hadisə barədə məlumatım yoxdur. İşlədiyim mağaza rəhmətliyin yaşadığı evinin yaxınlığında yerləşir. Təqsirləndirilən şəxslərdən də heç kəsi orada görməmişəm, ola da bilər ki, mağazadan nəsə alıblar. Dəqiq yadımda deyil. Mağazada təhlükəsizlik kamerası var, hadisədən sonra polislər də gəlib onu götürdü".

Məhkəmədə V.Ağamirovanın istintaqa verdiyi ifadəsi elan olunub. O dindirilən zaman qeyd edib ki, hadisədən əvvəl gənc, yaşı təxminən 25 olan oğlan onun işlədiyi mağazaya daxil olaraq su alıb: "Həmin şəxs mağazadakı kameraya baxıb, sonra çölə çıxdı. O, çöldə olan digər şəxslə maşına əyləşib ərazidən uzaqlaşdı".

Şahid istintaqda yazılanlarla razı olmadığını söyləyib: "Mağazada kameraya baxan bu şəxslərdən heç biri deyildi. Yenə də deyirəm ki, həmin vaxt dəqiq yadımda deyil. Hadisədən xeyli müddət keçib".

Prosesdə vəkil İ.Əsədovla zərərçəkmişin hüquqi varisi A.Məmmədova arasında mübahisə düşüb.

Hakim hər iki şəxsi sakitləşdirib.

Məhkəmə növbəti həftə davam etdiriləcək.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb. Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

Təqsirləndirilən şəxslərdən Q.Kərimov özünü qismən təqsirli bilib, F.Axverdiyev və V.Rüstəmov isə özünü təqsirli bilməyiblər.

Son xəbərlər

Orphus sistemi