İyunun 13-də Quba rayonunda 2 azyaşlının elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Quba Rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.