Bakı. 17 dekabr.
"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərov son sözü olmadığını deyərək çıxışdan imtina edib.
Digər təqsirləndirilən İsrafil Soltanov da son söz söyləyib. O, özünü qismən təqsirli bildiyini bildirib: "Mən, əslində, nə baş verdiyini məhkəməyə gələndən sonra bilmişəm. Sadəcə, Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Mənim ikinci qrup əlil, 2 azyaşlı övladımın olmasını nəzərə almağınızı xahiş edirəm. Bilirəm ki, bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm".
Daha sonra təqsirləndirilən Tərlan Zeynalov son sözündə özünü cinayəti bilib gizlətməkdə təqsirli bildiyini ifadə edib. Onun sözlərinə görə, Etibar Məmmədov qaçıb onun yanına gəlib: "Cinayət Məcəlləsinin 304-cü maddəsi ilə günahım yoxdur, mən heç kəsi qaçırmamışam. Etibarı sonuncu dəfə 2015-ci ildə qardaşımın toyunda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Qaçıb yanıma gəlib, pul istəyib vermişəm. Onun həbsdə olduğunu bilirdim, amma niyə tutulduğundan xəbərsizəm".
Təqsirləndirilən Əli Ağami isə son sözündə peşman olduğunu qeyd edib. O, günahının olduğunu, heç yerə qaçmadığını vurğulayıb: "Amma bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım. Sadəcə, burda oturan adamlara görə peşmanam".
Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.