Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Vəndam qəsəbəsində baş vermis yanğınla bağlı məlumat yayıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 1 000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Qəbələdə bazarda baş vermiş yanğın söndürülüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın zamanı 12 ərzaq və geyim mağazası yanıb.
Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qəbələnin Vəndam qəsəbəsində, bazar ərazisində güclü yanğın başlayıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın 11 mağazanı bürüyüb.
Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.