Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib

Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib Qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət alan vəzifəli şəxs ifşa olunub.
Hadisə
29 Avqust , 2023 11:31
Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib

Dövlət Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi