19 may 2020-ci il tarixdə Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bərdə Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, istintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini Rufanə Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində Rufanə Mustafayevanın ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Tahirə Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilib.