Ukraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayevi girov götürənlər onun qaytarılma şərtini açıqlayıblar.
Bu barədə tələbənin əmisi Cahid Abdullayev “Report”un Aran bürosuna bildirib.
“Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefonla əlaqə saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də rus əsirinə dəyişə bilərik”-deyə Cahid Abdullayev bildirib.
Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndində doğulan 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amil oğlu Ukraynanı Mariupol Dövlət Universitetinin III kurs tələbəsidir. Srağagün universitetin yataqxanasının zirzəmisində gizlənən H. Abdullayev Azərbaycana qayıtmaq istəyərkən rus əsgərləri tərəfindən girov götürülüb.
Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar.
"Report"un Muğan bürosunun məlumatına görə, tələbəni girov götürənlər bu səhər danışıqlarında onunla bağlı qərarlarını yaxın saatlarda bildirəcəklərini desələr də, sonradan komandanlığın əmrini gözlədiklərini deyiblər.
Tələbənin anası ağladığı üçün danışıq yarıda kəsilib.
Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən neftçalalı tələbəni atası ilə danışdırıblar.
Bu barədə "Report"un Muğan bürosuna tələbənin atası Amin Abdullayev məlumat verib.
"Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan oğlum - Abdullayev Hüseyn Amin oğlu bildirdi ki, sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.
Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar".
Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.
“Report”un Aran bürosunun məlumatına görə, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.
Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.
Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.
Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.