"MTN işi"ndə zərərçəkən: "Mövlam Şıxəliyev demişdi ki, 1 milyonu verməsəniz, həbs etdirib, çürüdəcəyəm"

"MTN işi"ndə zərərçəkən: "Mövlam Şıxəliyev demişdi ki, 1 milyonu verməsəniz, həbs etdirib, çürüdəcəyəm" Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və isti
Hadisə
31 May , 2022 20:36
MTN işində zərərçəkən: Mövlam Şıxəliyev demişdi ki, 1 milyonu verməsəniz, həbs etdirib, çürüdəcəyəm

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa jurnalistlər buraxılmayıb.

Mayın 31-də baş tutan prosesdə ilk ifadə verən Vüqar Cəfərov olub. O, iş üzrə zərərçəkmiş Etibar Cəfərovun qardaşı olduğunu deyib. Vüqar Cəfərov bildirib ki, qardaşı 2005-ci ildən “Sədərək” ticarət mərkəzində sahibkarlıqla məşğul olub.

Onun sözlərinə görə, 2013-cü ilin avqustunda qardaşını Seyran Nəcəfov, Balaşirin Babayev, Elman Əhmədov, Elvar Əliyev və Natiq Teymurovla birgə MTN əməkdaşları saxlayıblar: “Sonradan qardaşımın barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi. İş üzrə müstəntiq Fuad Məmmədov olub. Fuad Məmmədov Yasin Məmmədovla birgə atamdan 300 min manat tələb edirdilər. Deyirdilər ki, guya qardaşım qaçaqmalçılıq edib. Halbuki, qardaşım qaçaqmalçılıq etməmişdi. Sadəcə şərləyirdilər. Pul qoparmaq istəyirdilər. Biz qohum-qardaşdan borc aldıq, nəyimiz vardı satdıq. Cəmi 210 min manat pul toplaya bildik. Pulu MTN-in inzibati binasının arxasında Fuad Məmmədova verdim. Pulu alandan 3-4 gün sonra qardaşımı azad etdilər”.

Şahid ona verilən suallara cavab olaraq deyib ki, qardaşı və digərilərinə qarşı qondarma ittiham Qaradağ Rayon Məhkəməsinə göndərilib: “Məhkəmədə sübut olundu ki, qaçaqmalçılıq ümumiyyətlə olmayıb. Dedilər ki, guya mallar keyfiyyətsizdir. Araşdırdılar, aydın oldu ki, mallar da keyfiyyətlidir. Ona görə də malları qardaşımgilə qaytardılar”.

Vüqar Cəfərov söyləyib ki, qardaşının azadlığı üçün Yasin Məmmədov onlardan hədə-qorxu ilə pul tələb edərkən bunun generaldan gəldiyini deyib.

Daha sonra hazırda həbsdə olan zərərçəkmiş Cavidan Hacıyev də məhkəmədə sərbəst ifadə verib. O, 2016-ci ildə ləğv edilmiş “Texnikabank”dan 18 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib, sonradan cəzası 6 ilə qədər endirilib.

Cavidan Hacıyev deyib ki, həbsinə qədər Türkiyədə biznes quraraq orada işləyib.

Onun sözlərinə görə, 2012-ci ilin mart ayının ortalarında “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunub: “Məni də Vüsal Ələkbərov MTN-ə çağırdı. Türkiyədən ölkəyə gələrək MTN-ə getdim. Vüsal Ələkbərov hər gün məni və Rauf Kərimovu “Texnikabank” ASC-dən krediti necə, kimin vasitəsilə götürməyimiz, krediti nəyə xərclədiyimiz barədə soruşdu. Uzun dindirmələrdən sonra Vüsal Ələkbərov Rauf Kərimovdan külli miqdarda pul tələb etdi. Vüsal Ələkbərov Raufa dedi ki, “hərəniz 500 min manat verin, sizi həbs etməyək”. Biz razılaşmadıq. Çünki cinayətimiz yox idi. O, hədəni artırmaqla razılığımızı almaq üçün 3-4 dəfə Təhsin Ağayevin otağına aparmışdı. Təhsin Ağayev də Vüsal Ələkbərova qoşularaq hər dəfə biz hədə-qorxu gəlir, israrla 1 milyon manat vermək lazım olduğunu deyirdi. Təhsin Ağayev bu gün özünü tülkiliyə vurub, guya xəstədir, aradan çıxıb. MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı.

Bir dəfə Təhsin Ağayev öz otağından Mövlam Şixəliyevə zəng vurdu, “bunlar deyilən məbləği hələ düzəltməyiblər” söylədi. Bundan sonra Təhsin Ağayev dəfələrlə mənə zəng elədi, pulu hazırlayaraq, verməyi, razılaşmağı, rəhbərliyin xəbər gözlədiyini, əks halda bizi həbs edəcəklərini deyirdi. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayevlə və Vüsal Ələkbərovun tələbi ilə razılaşmağa məcbur olduq”.

Cavidan Hacıyev qeyd edib ki, 2012-ci ilin sentyabr-noyabr ayları ərzində Rauf Kərimov “Yunayted Kredit Bank” ASC-dən və “Atrabank” ASC-dən 500 min manat kredit götürüb, pulu MTN-in poliklinikasının qarşısında Vüsal Ələkbərova veriblər.

Məhkəmədə şahid qismində Cavidan Hacıyevin işçisi olmuş Sahib Səfərov da ifadə verib. O bildirib ki, Cavidan Hacıyevdən general Mövlam Şıxəliyev külli miqdarda pul tələb etdiyi zaman vəsaitin toplanmasında iştirak edib.

Növbəti proses iyunun 6-na təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Son xəbərlər

Orphus sistemi