"Məktəblərin ətrafında sahibsiz itlərin sayı çoxalıb" - RƏYLƏR

"Məktəblərin ətrafında sahibsiz itlərin sayı çoxalıb" - RƏYLƏR Bu ilki statistikaya əsasən ölkədə orta hesabla hər gün 54 nəfəri heyvan dişləyir.
Hadisə
22 Aprel , 2019 15:09
Məktəblərin ətrafında sahibsiz itlərin sayı çoxalıb - RƏYLƏR

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 4909 nəfər heyvan zədəsi (cırmaqlama, dişləmə) ilə əlaqəli müvafiq tibb müəssisələrinə müraciət edib.

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu rəqəm ötən ilin müvafiq dövründə 4682 nəfər təşkil edib.

Bu da o deməkdir ki, heyvan dişləmələrinin sayı artıb.

Builki statistikaya əsasən, ölkədə orta hesabla hər gün 54 nəfəri heyvan dişləyir.

Hətta ötən gün Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Bundan başqa, bir müddət əvvəl it dişləyən Ağstafa rayonu, Yuxarı Göycəli kənd sakini, 1998-ci il təvəllüdlü Cavid Həsənli isə keçən həftə dünyasını dəyişib.

“Report” məsələnin aktuallığını nəzərə alaraq bəzi tövsiyələri diqqətə çatdırır.

Valideyn Kamran Əsədov isə təəssüf hissi ilə qeyd edir ki, son 6 ay ərzində apardığı müşahidələrin nəticələrinə görə məktəblərin ətrafında sahibsiz heyvanların sayı çoxalıb: “Sahibsiz itlər arasında quduzluğa tutulmuşlar üstünlük təşkil edir. Nəzərə alsaq ki, orta məktəb şagirdlərinin heç də hamısı dərsə valideyni ilə gedib-gəlmir. Bu, o deməkdir ki, hazırda 4472 orta məktəbdə təhsil alan 1,5 milyon şagirdin həyatı, sağlamlığı təhlükə altındadır və məktəblərdə bunun qarşısının alınması üçün heç bir şərait qurulmayıb.

Təəssüf ki, bir çoxları çıxış yolu kimi itləri öldürməyi təklif edir, amma məktəblilərin, azyaşlıların yanında bunu etmək çox təhlükəlidir. Bundan başqa, itləri öldürməklə saylarını azaltmaq mümkün deyil. İtlər bir neçə vaxtdan sonra balalayır və sayı daha da artır. Odur ki, öldürmə taktikasının mənası yoxdur. Bunun qarşısını almaq üçün yalnız sahibsiz itləri axtalamaq lazımdır. Təklif edirəm ki, hər bir məktəbin həyətində sahibsiz itləri saxlamaq üçün qəfəs düzəldilsin. Bu, şagirdlərə həm təbiəti, həm də heyvanları qorumaq vərdişi yaradacaq.

Bundan başqa, yaxşı olar ki, məktəblərdə sinif rəhbərləri şagirdlərin dərsi bitdikdən sonra qrup halında onların getməsini təşkil etsin, imkan olduğu halda, müəyyən məsafəyə qədər özü də onlarla getsin. Əgər məktəbin yaxınlığında sahibsiz itlər varsa, məktəb rəhbərliyi aidiyyəti qurumlara məlumat verməlidir”.

“We want to live too” (Biz də yaşamaq istəyirik!) heyvan sığınacağının sahibi Nailə Rüstəmli “Report”a deyib ki, insanlar heyvanlara qarşı yaxşı rəftar etdikləri müddətdə ancaq bunun müsbət qarşılığını alacaqlar. O hesab edir ki, yeni metodlar və vicdani yollar seçmək lazımdır: "Uşaqlara itlərlə rəftarı düzgün şəkildə öyrətsək, onları daha yaxşı qorumaq olar. Məsləhət görürəm ki, it görəndə heç bir reaksiya verilməsin. Daxilində heyvan sevgisi varsa, o başqa. Təbii ki, heç kim iti sığallamaq məcburiyyətində deyil. Kifayət edər ki, itə təpik vurulmasın, daş atılmasın. Hesab edirəm ki, bu günə kimi heyvanların vaksin edilməsi paytaxtda, təxminən, 50 faiz itləri əhatə edə bilər. Yaxşı olardı ki, itlər sterilizə olunub peyvəndlənsin. Başqa variant da yoxdur. Bütün xarici ölkələrdə belədir”.

Son xəbərlər

Orphus sistemi