Keçmiş icra başçısının qızının apellyasiya şikayəti təmin edilməyib

Keçmiş icra başçısının qızının apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
2 İyul , 2016 09:40
Keçmiş icra başçısının qızının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 2 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, N.Abdullayevanın apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. 2015-ci il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Abdullayeva apellyasiya şikayətinin ilkin qərarından kassasiya şikayəti vermişdi. Ali Məhkəmə işə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdi.

Son xəbərlər

Orphus sistemi