Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun cinayət işi üzrə məhkəmə iclasında hindistanlılara məxsus olduğu iddia edilən şirkətin meneceri Kamran Muradov şahid qismində ifadə verib.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, hadisə günü şirkətin müdiri olan hindistanlı ona zəng vurub və polislərin gəldiyini deyib:
"Sonradan öyrədim ki, yuyucu tozların keyfiyyətsiz olması, bir nəfər vətəndaşın isə buna görə zəhərlənməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Polis işçiləri söyləyiblər ki, "Sədərək" ticarət mərkəzində yerləşən anbar möhürlənəcək. Şirkətin müdiri hindistanlı bildirdi ki, işlərin “həll olunması” üçün 20 min dollar vermək lazımdır. Sonra kiməsə zəng vurdular, razılığa gəldilər”.
Şahidin sözlərinə görə, hadisədən 20 il vaxt ötdüyü üçün bəzi söhbətlər yadında qalmayıb.
Daha sonra sabiq müstəntiq S.Kərimov şahiddən çalışdığı şirkətin kimə məxsus olduğunu soruşub. K.Muradov isə şirkətin hindistanlılara məxsus olduğunu deyib.
Təqsirləndirilən şəxsin şahidə “həmin şirkətin Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olmasını bilirdinizmi?” sualına şahid bilmədiyini qeyd edib.
Məhkəmədə digər şahid Sahib Qələndərov da dindirilib. O, hadisədən uzun müddət keçdiyini, hadisələrin çoxunu xatırlamadığını, zərərçəkmiş kimi adı hallanan hindistanlıların ona külli miqdarda ziyan vurduqlarını söyləyib: "Əmircandakı fərdi yaşayış evimi onlara kirayəyə vermişdim. Mənə uzun müddət həmin evdə qalacaqlarını dedilər, hətta evi təmir də etdirdilər, amma qalmadılar. Sonradan hindistanlıların saxta yuyucu toz satışı ilə məşğul olduqları bəlli oldu. Bundan sonra şirkəti satıb getdilər. Mən də 50 min dollar zərərə düşdüm".
S.Qələndərov qeyd edib ki, təmir işləri ilə əlaqədar tez-tez hindistanlıların yaşadığı evə gedib-gəlib: "Növbəti dəfə oraya gələndə gördüm ki, iki-üç polis əməkdaşı hindistanlıları sorğu-sual edir. Sonradan mənə şəkillər təqdim etdilər ki, bu polis əməkdaşlarını tanıyırsınızmı? Dedim ki, qismən. Bildirdilər ki, ikisini tapmışıq, bircə prokurorluğun müstəntiqi qalıb”.
Növbəti proses noyabrın 21-də davam etdiriləcək.
İttihama görə, Bakı Şəhər Prokurorluğunun müstəntiqi olmuş S.Kərimov və keçmiş sahə inspektoru R.Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar pul tələb ediblər. Son nəticədə isə 20 min manat pul alıblar.
İstintaq sənədlərinə görə, S.Kərimov Hindistan vətəndaşları - Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Məhkəmədə ittihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.
Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət sabiq Baş nazirinin birinci müavini olmuş Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasova məxsus olub. S.Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Aydın Abbasovun şikayəti əsasında başlanıb.
Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi.
Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə S.Kərimov ölkəni tərk edib.
Faktla bağlı S.Kərimov və R.Talıbov barəsində cinayət işi başlanılıb. S.Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. R.Talıbov isə zaminə buraxılıb.
Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü "ASAN Xidmət"ə gedib, ertəsi gün isə saxlanılıb.
Qeyd edək ki, Abbas Abaasov 1992-2006-cı illərdə Baş nazirin birinci müavini vəzifəsində açılıb. Aydın Abbasov isə 2005-2015-ci illərdə Milli Məclisin deputatı olub.