Cəzaların sərtləşdirilməsi inzibati xətaların qarşısının alınmasına necə təsir göstərir? - VİDEO

Cəzaların sərtləşdirilməsi inzibati xətaların qarşısının alınmasına necə təsir göstərir? - VİDEO Bu ilin əvvəlindən 113 min piyada saxlanılaraq məsuliyyətə cəlb olunub
Hadisə
17 Dekabr , 2014 11:49
Cəzaların sərtləşdirilməsi inzibati xətaların qarşısının alınmasına necə təsir göstərir? - VİDEO

Bakı. 17 dekabr. REPORT.AZ/ Vaxtilə təhlükəsizlik kəmərindən istifadə etməməyə görə 15-20 manat cərimə nəzərdə tutulmuşdu. Hazırda bu məbləğ 40 manatdı. Ötən illərdə təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən protokol yazılıb cərimələr tətbiq olunsa da, cərimə 40 manata qalxdıqdan sonra təhlükəsizlik kəmərlərindən istifadə edənlərin sayı 30-40 faizə çatıb. Bu barədə "Report"a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov bildirib ki, sükan arxasında əldə mobil telefon saxlamaqla hərəkət zamanı ondan istifadə etmək vaxtı ilə 15-20 manat idisə, hazırda 50 manatdır.

"İnzibati protokolları təhlil etdikdə görürük ki, azalma var. Qeyd etməliyəm ki, törədilən inzibati xətalara görə, təyin edilən cəza növləri sərtləşdikcə, yol qəzalarının sayının minimuma düşməsinə təsir göstərir", - o bildirib.

Vaqif Əsədov deyib ki, ilin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə baş verən yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda ölüm faktları, xəsarət, eyni zamanda onların dərəcələri aşağı düşüb. Bu yol polisinin məqsədli keçirdiyi, eləcə də kütləvi informasiya vasitələrinin vaxtında apardığı təbliğatın hesabınadır:

"Ümumi hadisələrin 51 faizi təyin olunmayan yerlərdən keçən piyadaların vurulmasıdır ki, nəticələr həm bizi həm sizi narahat edir. Sürət həddinin aşılması ümumi hadisələrin 47 faizidir ki, nəticələr bizi qane etmir. Digər yerlərdə manevr etmə, yol ayrıclarını keçmə qaydalarının pozulması ümumi hadisələrin 27 faizidir,  bu istiqamətdə tədbirlər görülür".

V.Əsədov yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə, tədbirlərin keçirildiyini də bildirib. Sürət həddinin aşılması ilə bağlı paytaxt ərazisində quraşdırılan kameralar vasitəsi ilə yol hərəkətinə nəzarət edilir. Piyadaların vurulmasının qarşısını almaq üçün paytaxt ərazisində yeraltı və yerüstü keçidlər Dövlət yol Patrul xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

"Bu ilin əvvəlindən 113 min piyada saxlanılaraq məsuliyyətə cəlb olunub. Son bir həftə ərzində 1823 piyada saxlanılaraq məsuliyyətə cəlb olunub".

Şöbə rəisi deyir ki, bu qədər piyadanın məsuliyyətə cəlb olunması yol hərəkətində nizam-intizamın yüksəlməsinə təsir göstərməlidi. Amma baş verən qəzalarda piyada vurulma halları da var. Əlbəttə ki, bunun qarşısının alınmasında hər kəs öz məsuliyyətini artırıb təbliğat işinin aparılmasına yardımçı olmalıdır.

Son xəbərlər

Orphus sistemi