İcra başçısının 1-ci müavini: "Ehtimal var ki, İsmayıllıda sürüşmə prosesi davam edəcək" - YENİLƏNİB

İcra başçısının 1-ci müavini: "Ehtimal var ki, İsmayıllıda sürüşmə prosesi davam edəcək" - YENİLƏNİB Bir neçə ev yaşayış üçün təhlükəli hesab olunub
Hadisə
9 İyun , 2016 11:55
İcra başçısının 1-ci müavini: Ehtimal var ki, İsmayıllıda sürüşmə prosesi davam edəcək - YENİLƏNİB

İsmayıllı. 9 iyun. REPORT.AZ/ "İsmayıllı rayonunda sürüşmə bu il 25 mayda Basqal-Sulut yolunun 10-cu kilometrliyindən başlayıb". Bunu "Report"a İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komisiyasının (FHK) sədri Rövşən Ağayev deyib. Onun sözlərinə görə, sonradan torpaq sürüşməsi Sərsurə kəndinə doğru hərəkət edib: "İyunun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri hadisə yerinə baxış keçirib. Müəyyən olunub ki, torpaq sürüşməsi 600 metr məsafədə olmasına baxmayaraq,  Sərsurə kəndində sürüşmənin təsiri nəticəsində fəsadlar əmələ gəlib, kənd ərazisində qabarmalar və çatlar yaranıb". 

R.Ağayev vurğulayıb ki, hadisə zamanı 7 ev sürüşmənin qarşısında qalıb: "Sonradan təhlükə yaranmaması üçün həmin evin sakinlərinin köçürülməsi barədə qərar verilib, 7 ailə yaxın qohumlarının evinə köçürülüb. Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən həmin ailələrə çadırlar paylanılıb. Çadırlar sakinlərin fərdi təsərrüfat işləri ilə məşğul olmaq üçün kəndə yaxın ərazilərdə qurulub".

İcra başçısnın 1-ci müavini qeyd edib ki, rayonda ötən gün yenidən yağış başlayıb və bu gün də leysan xarakterli yağışlar davam edir: "Sürüşməyə səbəb əraziyə normadan artıq leysan yağışlarının düşməsidir. Ehtimal var ki, sürüşmə prosesi davam edəcək. Mütəxəssislər də rəy veriblər ki, sürüşmə prosesi dayanmadıqca ərazidə tədqiqatlar aparmaq mümkün deyil".

*** 09:34

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsi davam edir.

"Report"un Şirvan bürosunun xəbərinə görə, sürüşmə nəticəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında çatlar əmələ gəldiyindən, bir neçə ev yaşayış üçün təhlükəli hesab olunub. 

Kənd sakinlərinin sözlərinə görə, kəndin üst hissəsində təqribən 50 hektardan çox dağlıq və meşəlik ərazidə olan torpaq qatında dərin çatlar yaranıb. Sakinlər hesab edir ki, yağışlar davam edərsə, hər an qəzalı vəziyyətə düşən evlərin sayı arta bilər. Uzun illərdir  kənddə yaşayan sakinlər, ərazilərdə torpaq sürüşməsinin bu həddə çatmasının ilk dəfə olduğunu deyirlər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri evlərə baxış keçirdikdən sonra bir neçə evin qəzalı və yaşamaq üçün təhlükəli olmasını əsas gətirərək 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün kəndə çadırlar gətirilərək təhlükəsiz yerlərdə qurulub.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev "Report"a bildirib ki, 2007-ci ildən bu günə qədər İsmayıllı rayon ərazisində torpaq sürüşməsi nəticəsində 30 yaşayış məntəqəsində 192 yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda sözü gedən qəzalı evlərdən 6 ev tikilib və 2 evin tikilməsi barədə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi