Video əlavə olunub
İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət alanlardan ikisi hələ xəstəxanadadır
Bu barədə “Report”a onların ailə üzvləri xəbər verib.
Yaxınları bildirib ki, Fərid İsmayılov və Vaqif İsmayılov hələ də xəstəxanadadılar. Vaqif İsmayılov hadisə zamanı 2-ci dərəcəli yanıq xəsarəti alıb. Fərid İsmayılovun vəziyyəti nisbətən qənaətbəxş hesab olunur.
*** 21:02
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidmətinin İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışla əlaqədar məlumat yayıb.
İdarədən “Report”a verilən məlumatda bildirilir: “Bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məhsul şəxsləri hadisə yerinə gəlib hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar. Hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.
Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.
Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hal-hazırda təhlükə yoxdur”.
*** 18:43
İçərişəhərdə baş verən partlayışda xəsarət alanların adları məlum olub.
"Report" xəbər verir ki, bunlar 78 yaşlı Vaqif İsmayılov, oğlu Ceyhun İsmayılov, Ceyhunun həyat yoldaşı Səidə İsmayılova, həmçinin V.İsmayılovun nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fəriddir.
Yaralılardan yalnız biri xəstəxanaya getməyib.
Zərərçəkmiş Ceyhun İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 5 nəfər xəsarət alıb: "Bizim evdə qaz yoxdur. Qonşu tərəfdə yeni otel təmir olunur. Qaz oteldən bizim evə sızıb və partlayış baş verib. Mən yatmışdım, birdən səsə oyandım. Hadisə zamanı atam - 78 yaşlı Vaqif İsmayılov, həyat yoldaşım Səidə, oğlum - 14 yaşlı Rəvan və 18 yaşlı bacım oğlu Fərid yaralandı. Onlar hazırda xəstəxanadadırlar, mən getmədim".
*** 18:14
Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışda xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
"Report"un xəbərinə görə, hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsində 3 nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, hadisə ikimərtəbəli binada baş verib.
*** 17:48
Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.
“Report” xəbər verir ki, partlayış nəticəsində 5 nəfər yanıq xəsarətləri alıb.
Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.
İlkin ehtimala görə, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.
Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar".
Müxbirlər: Samirə Abdullayeva, İsmayıl Nəsibli, Orxan Rasifoğlu
Video: Vüqar Xanlarov