Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Polis Bölməsinə əvvəllər məhkum olunmuş Pirəli İmamcanovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.
Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Pirəli İmamcanovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi ümumi çəkisi 28 kiloqram olan 39 ədəd çətənə bitkisi, 200 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və inkişafı üçün xüsusi qulluq etdiyini bildirib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- və istintaq tədbirləri davam etdirilir.