Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nicat Dajbanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
N.Dajbanın ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsindən CM-nin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilib.
Məhkəmənin qərarı ilə onun 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 il 6 aya endirilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin noyabr ayında Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü N.Dajban 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlunu küçədə bıçaqlayaraq öldürüb.
Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.
Belə ki, M.Əliyevin idarə etdiyi avtomobillə N.Dajbanın idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində N.Dajban M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
D.Nicata qanunsuz silah saxlama və qəsdən adam öldürmə maddələri ilə ittiham verilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.