Gecə klubunda qıza görə dava edib cinayət törədən şəxsə hökm oxunub
- 01 iyun, 2018
- 08:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İslam Yusifovun məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Yusifov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, İ.Yusifov gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Siyah-beyaz" gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb. K.Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ.Yusifov ona yaxınlaşaraq iradını bildirib.
O, aralarında olan mübahisədən sonra K.Cəlilovu izləyib. Daha sonra Qara Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb və döyüb. Nəticədə K.Cəlilov baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.
Elan olunmuş ittiham üzrə İ.Yusifov özünü qismən təqsirli bildiyini söyləyib. O, ifadəsində qeyd edib ki, Elnarə adlı qadınla klubda tanış olub: "Qız həmin klubda işləyirdi. Onu əvvəldən tanımırdım. Həmin gün ailəmi rayona göndərmişdim, özüm də gecə kluba getdim. Hər ikimiz içkili idik. Kamil bir neçə dəfə qıza yaxınlaşdı. Lakin Elnarə ona "otval" verdi. O, sonra da qızın yaxasından tutdu. Bu zaman mən Kamilə yaxınlaşıb "bu nə hərəkətdir edirsən?" dedim. O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi".
İ.Yusifov K.Cəlilovla barışdığını vurğulayıb.
Qeyd edək ki, İ.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərrə vurma) maddəsi ilə ittiham edilir.