Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzində 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimdə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri və “Şahdağ” Turizm Mərkəzinin xilasetmə dəstələri iştirak edib.
Təlimin keçirilməsində məqsəd kanat xəttində baş verə biləcək hadisələr zamanı qəza-xilasetmə və digər xilasetmə işlərinin aparılmasına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.