​Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının məhkəməsində şahidlər ifadə verib

​Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının məhkəməsində şahidlər ifadə verib Məhkəmə prosesi iyulun 8-də davam etdiriləcək
Hadisə
1 İyul , 2016 14:02
​Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının məhkəməsində şahidlər ifadə verib

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Firuzə Dadaşova, Nəsibə Quliyeva, Yaqut Əbdüləzimova, Fərid Əbdüləzimov, Vidadi Abbasov və Orxan Süleymanzadə ifadə verib.

F.Dadaşova ifadəsində bildirib ki, təqsirləndirilən şəxsin qızı Bülbül İsgəndərova onunla internetdə tanış olub: "Bülbül tanıdığı oğlana pul verməli idi. Onunla poçta gedib həmin şəxsə 80 manat pul göndərdi. Hadisədən sonra Bülbül mənə yazdı ki, atamı anamla bacımın öldürməsindən şübhələnirəm".

X.İsgəndərovanın qonşusu olan N.Quliyeva səhər-səhər qətl hadisəsinin baş verdiyi evdən səs gəldiyini deyib: "Bu zaman qonşu Yaqut gəldi ki, Füzulini bıçaqlayıblar. Füzuligilin evinə gedəndə qarajda yerdə qan içində uzanmışdı. Cəmilə xanım Füzulini qucaqlayıb ağlayırdı. Füzulini maşına oturdub xəstəxanaya aparandan sonra biz yerdə olan qanı təmizlədik. Yerdə olan qanı silməyi isə bizə heç kəs göstəriş verməmişdi".

Y.Əbdüləzimova da qonşudan səs gəldiyini bildirib: "Mən qaraja gələndə Füzuli yerdə qan içində uzanmışdı. Onun yanında yanlız qızı Əmanə ilə arvadı Xalidə vardı. Hər ikisi də ağlayırdı. Sonra gedib qonşuya hadisə haqda xəbər verdim".

Qətlə yetirilən F.İsgəndərovun bacısı oğlu Orxan Süleymanzadə ifadəsində bildirib ki, hadisədən sonra ona mərhumun qızı Əmanə İsgəndərova zəng vuraraq xəbər verib. 

X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmə prosesi iyulun 8-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi