Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Bəhrəmtəpə-Biləsuvar avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə hərəkətdə olan ağ rəngli “Mersedes-Benz” markalı 10-UL-622 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, avtomobilin sərnişininin Astara rayon sakini 1992-ci il təvəllüdlü Nəsirov Qismət Tahir oğlu olması müəyyənləşdirilib, ona məxsus bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb.
Bundan başqa, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Məsçidməhəllə kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı içərisində ümumi çəkisi 550 qram “tiryək” narkotik vasitəsinə bənzər maddə və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.