Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada ölüb - YENİLƏNİB
- 04 avqust, 2024
- 19:50
Avqustun 4-də Daşkəsən rayon sakini Tahirə Qurbanovanın almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Daşkəsən rayon prokurorluğundan məlumat daxil olub.
Qeyd olunub ki, araşdırmalarla 1982-ci il təvəllüdlü Səidə Həsənovanın iyulun 27-də rayonun Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayan qayınanası 1958-ci il təvəllüdlü Tahirə Qurbanovanın baş nahiyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır.
İbtidai istintaq davam etdirilir.
21:31
Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib.
“Report”un Qərb bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.