Cəbrayıl Rayon Prokurorluğu rayon ərazisində baş vermiş mina partlayışı ilə bağlı məlumat yayıb.
Prokurorluqdan "Report"a daxil olan məlumatda deyilir:
"Noyabrın 2-si Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1972-ci il təvəllüdlü İlqar Əhmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla təmir-tikinti işləri ilə məşğul olan şirkətin sürücüsü İlqar Əhmədovun rayonun Mehdili kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır".
Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunda baş vermiş mina partlayışı ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a daxil olan məlumatda deyilir:
"Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı qeydə alınıb. Müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyə edilməklə xəstəxanaya çatdırılıb.
Araşdırmalar davam etdirilir".
Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.