Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb.
"Report"un xəbərinə görə, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına əsasən, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib:
Həmin şəxslər aşağıdakılardır:
1. Abbasova Solmaz Paşabəy qızı (1983)
2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)
3. Cəfərov Zaur Qulu oğlu (1980)
4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)
5. Məmmədov Elvin Qəfər oğlu (1993)
6. Məmmədov İlqar Habil oğlu (1964)
7. Qubadov Fərid Hüseyn oğlu (1983)
8. Quliyeva Əsmayə Cümşüd qızı (1977)
9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan Respublikası vətəndaşı)
Birgə məlumata əsasən, partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
Məlumata görə, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
"Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - birgə məlumatda bildirilib.