Sel təhlükəsinə görə Biləsuvarın əhalisi təxliyə olunan Köhnə Amankənd yaşayış massivinin sakinləri hələlik evlərinə dönməyiblər.
Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, buna səbəb Bolqarçayın həmin kəndin yaxınlığından keçməsidir.
Həmçinin Bolqarçayın Biləsuvar şəhəri mərkəzindən keçən hissəsində də su artımı maksimal həddə çatır. Əgər su səviyyəsi artarsa və rayon mərkəzinə dolarsa, bu zaman çaydakı su ətrafdakı torpaq ərazilərə yönəldiləcək.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.
FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər.
Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.
Biləsuvarda Bolqarçayda suyun səviyyəsində azalma müşahidə olunur.
"Report"un Muğan bürosunun məlumatına görə, müvafiq qurumlar tərəfindən görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib.
Hazırda ərazidə dövlət orqanları tərəfindən işlər davam etdirilir.
Biləsuvar rayonunda sel təhlükəsi artıb, iki kəndin əhalisi təxliyə olunub
Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, İranla sərhəddə yerləşən Bolqarçayda suyun səviyyəsi artıb.
Təhlükəsizlik məqsədilə rayonun Yuxarı Ağalı və Köhnə Əmənkənd kəndlərinin əhalisi təxliyə olunub.
Artıq gecədən aidiyyəti qurumlar müvafiq tədbirlər görürlər.
İlkin məlumata görə, köçürülmə ancaq təhlükəsizlik məqsədi daşıyır.