Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub - YENİLƏNİB - 3

Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub - YENİLƏNİB - 3 Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib.
Hadisə
2 Avqust , 2023 22:52
Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub - YENİLƏNİB - 3

Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub, su axmasının qarşısı tamamilə alınıb.

Bu barədə "Report"a açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliytinin sədri Zaur Mikaylov, eyni zamanda, Agentliyin tabeliyində olan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də aidiyyəti şöbə müdirləri hadisədən xəbər tutan kimi rayona ezam olunublar.

"Onlar hazırda da hadisə yerindədirlər. Dağılan bənddən axan suyun qarşısının alınması üçün ətraf rayonlardan, istismar idarələrindən texnikalar cəlb olunub, bütün idarələr səfərbər edilib. Yuxarı Qarabağ kanalı bizim ən böyük magistral kanallardan biridir. Buranın su həcmi böyükdür. Ona görə də bəzən bu kanalda qəza olanda axan suyun dərhal kəsilməsi mümkün olmur. Artıq suyun qarşısı tamamilə kəsilib. Digər yerlərdə də ziyanın dəyib-dəymədiyini yoxlamaq üçün sabah da ümumi olaraq kanala baxış keçiriləcək", - ASC rəsmisi vurğulayıb.

20:45

Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir. Polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.

18:36

Bərdə rayonunun Qaraqoyunlu kəndində subasma zamanı köməksiz qalan sakinlər təxliyə olunub.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Yuxarı Qarabağ kanalının daşması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndləri su altında qalıb. FHN-in Qarabağ Regional Mərkəzinin Xüsusi Riskli xilasetmə hissəsinin əməkdaşları Qaraqoyunlu kəndində su dolan evlərdə köməksiz qalan sakinləri təxliyə ediblər.

Hazırda kənddə xilasetmə işləri davam etdirilir.

17:49

Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində bənd uçub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə kanaldan təzyiqlə axan su həmin kəndlərin bir hissəsinə dolub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə "Report"a bildirilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır.

Son xəbərlər

Orphus sistemi