İyunun 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Kollegiya iclasında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyi, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqinə müxtəlif ölkələrdən investisiyaların cəlb olunduğu qeyd edilməklə “yaşıl zona” elan edilmiş həmin ərazilərin yenidən qurulmasının ölkə iqtisadiyyatına mühüm təkan verəcəyi bildirilib.
Baş prokuror Kamran Əliyev dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində geniş abadlıq-quruculuq işlərinin aparıldığı bir vaxtda Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradan minalar basdırması məsələsinin davamlı şəkildə beynəlxalq müstəvidə qaldırılmaqla nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilən cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsinə dair müraciətlər ünvanlandığını qeyd edib.
Kollegiya iclasında ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla son günlərdə ölkədə sağalanların sayının artması ilə yanaşı vaksinasiyanın uğurla aparılması nəticəsində əhalimizin artıq bir hissəsinin peyvənd olunduğunu bildirilmiş, COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.
Ötən Kollegiya iclasından keçən müddətdə Rusiya Federasiyası Baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərlərinin, onların ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilməsinin önəmindən, hər iki ölkənin müvafiq qurumları ilə qarşılıqlı əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması diqqətə çatdırılıb.
Kollegiya iclasında həmçinin işğaldan azad edilmiş ərazilərdə yaradılmış hərbi prokurorluqların fəaliyyətinin təşkilinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin qısa müddətdə görülməsi ilə bağlı tapşırıqlar verilib.
İclasda Azərbaycan Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli, 232 nömrəli Fərmana edilmiş əlavə və dəyişikliklərlə prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair Baş prokurorun müavini Heydər Məmmədov, “İşin Təşkili Qaydaları”nın təkmilləşdirilməsi məsələləri ilə bağlı Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə dövri qiymətləndirmələrin aparılması qaydalarının hazırlanaraq icraya yönəldilməsi ilə əlaqədar Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov və cari kadr məsələləri ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.
Aparılan müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.