Bakıda toyda butulka ilə tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
- 30 oktyabr, 2017
- 07:17
Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində toyda butulka ilə tanışını öldürməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 6-na təyin olunub.
Qeyd edək ki, hadisə bu il Qusarın Xürel kəndində keçirilən toy mərasimində baş verib. 46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.
Bu zaman R.Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə şüşə qırıntıları ilə İ.Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. Şah damarından kəsilmiş yara alan İ.Ulubəyov ətrafdakıların köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda çoxlu qanitirmədən ölüb.
R.Aydabəyova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.