​Bakı polisi cibgir tutub - FOTO

Hadisə
  • 02 oktyabr, 2015
  • 07:06
​Bakı polisi cibgir tutub - FOTO

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə məhkum olunan 1986-cı il təvəllüdlü Nəzərov Ramal Şahmar oğlu müəyyən olunaraq tutulub.

Bu barədə “Report”a BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən, içərisində 46 manat və sənədləri olan pul kisəsini gizli yolla talayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manat oğurlamaqla təhlükəli əməllərini davam etdirib.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Baş Polis İdarəsinə, yaxud 102 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.