Azərbaycanın könüllü həkimləri ilə iş adamı Kahramanmaraşın daha bir bölgəsində yeməklər paylayıb - YENİLƏNİB

Azərbaycanın könüllü həkimləri ilə iş adamı Kahramanmaraşın daha bir bölgəsində yeməklər paylayıb - YENİLƏNİB Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri və Türkiyədə yaşayan azərbaycanlı iş adamları qardaş ölkədə baş vermiş zəlzələdən sonra zərərçəkmişlərə yardımlar göstərirlər.
Hadisə
21 Fevral , 2023 23:38
Azərbaycanın könüllü həkimləri ilə iş adamı Kahramanmaraşın daha bir bölgəsində yeməklər paylayıb - YENİLƏNİB

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri və Türkiyədə yaşayan azərbaycanlı iş adamları qardaş ölkədə baş vermiş zəlzələdən sonra zərərçəkmişlərə yardımlar göstərməkdə davam edir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, onlar Kahramanmaraş bölgəsinin daha bir bölgəsində insanlara isti yeməklər paylayıb.

Belə ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rauz Bəylərovun təşkilatçılığı ilə şəhərin Stansiya məhəlləsində yeməklər hazırlanaraq təbii fəlakətdən zərərçəkmiş şəxslərə verilib.

İş adamı "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, Stansiya məhəlləsində 1000 nəfərlik yemək hazırlanıb, süfrə açılıb.

R.Bəylərov qeyd edib ki, növbəti günlərdə də yerli sakinlərə yeməklər paylanılacaq: "Burada əlimizdən nə gəlirsə edəcəyik. Sona qədər zərərçəkmişlərə dəstək olacağıq".

Qeyd edək ki, yeməklərin paylanılmasında Azərbaycan könüllüləri də fəaliyyət göstərir.

16:43

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri və Türkiyədə yaşayan azərbaycanlı iş adamları qardaş ölkədə baş vermiş zəlzələdən sonra zərərçəkmişlərə yardımlar göstərirlər.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, onlar Kahramanmaraş bölgəsinin kəndlərində insanlara isti yeməklər paylayırlar.

İş adamlarının təşkilatçılığı ilə Azərbaycanın milli yeməkləri hazırlanır və daha sonra təbii fəlakətdən zərərçəkmiş şəxslərə verilir.

Assosiasiyanın sədri Oktay Mehdiyev "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı ilə söhbət edən zaman bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin tərkibində 15 nəfər həkimlə birlikdə Kahramanmaraşda insanlara tibbi fəaliyyət göstərirlər.

Onun sözlərinə görə, bununla yanaşı Kahramanmaraşda Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri Türkiyədə yaşayan azərbaycanlı iş adamları ilə birgə insanlara yardım edirlər:

"Biz iş adamları ilə birlikdə çadır şəhərciklərində yaşayan zərərçəkmişlərə yeməklər paylayırıq. Orada əvvəl 1500-2000 nəfərlik stollar açırıq. Sonra söhbətlər edir, dərdlərini bölüşürük. Məqsədimiz onların dərdlərini az da olsa azaltmaqdır. Biz göstərmək istəyir ki, Azərbaycan xalqı onların yanındadır, dərdlərinə şərikdir. Bu çətin gündə qardaşlarımızın yanında olmağı özümüzə borc bilirik. Uşaqlarla birgə də söhbətlər aparırıq, onları stol başına toplayırıq. Zəlzələdə ən çox uşaqlar qorxu hissi keçirib. Onlara psixoloji yardımlar göstəririk".

O.Mehdiyev qeyd edib ki, insanlara yardımların paylanılmasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Fövqəladə Halların Nazirliyinin digər rəsmi şəxsləri də iştirak edir:

"Eyni zamanda yeməklərin paylanılmasında Azərbaycan könüllüləri də fəal iştirak edir".

Türkiyədə yardımlar göstərən şəxslərdən biri də azərbaycanlı iş adamı Rauz Bəylərovdur.

Türkiyənin İstanbul şəhərində yaşayan iş adamı deyib ki, Kahramanmaraşda qeydə alınan təbii fəlakətdən sonra Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri ilə birgə zərərçəkmişlərə yardımlar göstərməyə başlayıb.

O söyləyib ki, Kahramanmaraşın artıq bir neçə çadır şəhərciyində və kəndlərində olublar:

"Bu yardımlarımız mütəmadi olaraq davam edəcək. Sonuna qədər qardaşlarımıza yardımlarımızı əsirgəməyəcəyik. Tez bir zamanda bu çətin günləri geridə qoyacağıq".

Son xəbərlər

Orphus sistemi