Azərbaycanda ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı açıqlanıb
- 16 sentyabr, 2015
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 sentyabr. REPORT.AZ/ "Bu ilin birinci yarısında ailə münaqişəsi zəminində respublika üzrə 392 cinayət törədilib və bunun 198-i Bakı şəhərində baş verib".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov bildirib.
Onun sözlərinə görə, göstərilən dövr ərzində ölkə üzrə profilaktik qeydiyyata götürülən 3 344 münaqişəli ailənin 510-u Bakı şəhərinin payına düşür.
Xatırladaq ki, bu gün Nərimanov Rayon Polis İdarəsində "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun və "Ailə-məişət münaqişələri zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında" DİN-in müvafiq kollegiya qərarının icrası məqsədilə paytaxtın rayon polis idarə və şöbələrinin bayır və ictimai təhlükəsizlik xidmətlərinin məsul əməkdaşlarının iştirakı ilə növbəti zona seminar-müşavirəsi keçirilib.