Azərbaycanda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən Zaur Şirinova hökm oxunub. O, 14 il müddətinə azadlıqdan mərhum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2012-ci il oktyabrında paytaxtın Yasamal rayonunda baş verib.
Z.Şirinov tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul edib.
Daha sonra Z.Şirinov Cəfər Axundovun narkotik sərxoşluğu vəziyyətində görüb, aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni bəhanə edib, onun qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurub. Cəfər Axundov aldığı çoxsaylı xəsarətlər nəticəsində ölüb.
Daha sonra törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında Cəfər Axundovun meyitini onun mülkiyyətində olan “Mercedes Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyubx Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb. Avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb.
Z.Şirinova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb