İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.
Fakla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri tapılan hadisə yerində olacaq.
"Report"un məlumatına görə, şəhid Əsəddin Curu oğlu Novruzova aid olduğu ehtimal olunan skelet qalıqları uçmuş evin altından hələ çıxarılmayıb.
Onu da qeyd edək ki, Dövlət Komissiyasının üzvləri mərhumun qalıqlarını ərazidən götürəcəklər.
Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərindən biri götürülüb.
Bu barədə "Report"un Qarabağ bürosuna açıqlamasında şəhid Qurban Göyüşovun qardaşı Zahir Göyüşov məlumat verilib.
Onun sözlərinə görə, qalıqları kənd sakinləri aşkarlayıb, daha sonra aidiyyəti qurumlar bu barədə məlumatlandırılıb:
"Ötən gün mənim də iştirakımla qardaşıma aid edildiyi ehtimal edilən qalıqlar prokurorluq tərəfindən götürüldü və ekspertizaya təhvil verildi".
Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.
Bildirilib ki, qalıqlar yaxınlarının həmin şəxsləri 1992-ci il martın 12-də şəhid olduqdan sonra dəfn edib getdikləri yerdə tapılıb.
Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

