Bakı. 19 dekabr. REPORT.AZ/ Abşeronda, Novxanı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən qadının kimliyi məlum olub.
"Report" xəbər verir ki, hadisə zamanı 1990-cı il təvəllüdlü Novxanı qəsəbə sakini Cavadova Günel Aydın qızı hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, hadisəni 90-GH-161 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü törədib. O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə zamanı həmçinin G. Cavadovanın 4 yaşlı övladı Cavadov Salman Ucal oğlu ağır xəsarət alıb. O, 1 Saylı Tibbi Kliniki Mərkəzə yerləşdirilib.
***01:48
Abşeronda avtomobil qadını və onun azyaşlı uşağını vurub.
"Report" xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadın 4 yaşlı övladı Cavadov Salman Ucal oğlu ilə birlikdə yolu keçərkən avtomobil onu və azyaşlı övladını vurub. Nəticədə S. Cavadov ağır xəsarət alıb. O, 1 Saylı Tibbi Kliniki Mərkəzə yerləşdirilib.
Hadisə zamanı ağır xəsarət almış qadın isə ölüb.