BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.
“Report” xəbər verir ki, hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.
DİN Mətbuat Xidmətindən faktı “Report”a təsdiq ediblər.
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.