“Türkiyə Super Liqasında mövsümü iyun-iyul aylarında başa vurmaq istəyirik. A ,B və C planlarımız da var. Dəqiq qərarları heç kim açıqlaya bilməz. Çempionatı sürətli şəkildə tamamlaya bilərik".
“Report” “ASpor”a istinadən xəbər verir ki, bu fikirləri UEFA İcraiyyə Komitəsinin üzvü və Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı deyib.
63 yaşlı funksioner Çempionlar Liqasının İstanbulda keçirilməli olduğunu xatırladıb: “Belə fikir var ki, 1/4 final və yarımfinal oyunları burada olsun və turnir mini-çempionat şəklində başa çatdırılsın. UEFA Avropa Liqası və Çempionlar Liqası matçlarının yerli çempionatlar yekunlaşdıqdan sonra keçirilməsini istəyir. Bu isə iyul və avqust ayları üçün nəzərdə tutulur".
Yardımcı hazırkı dönəmdə hər kəsin ziyan görəcəyini sözlərinə əlavə edib: “Hamı fədakarlıq etməlidir. Biz bir ailənin üzvüyük, bu durumdan da birlikdə çıxa bilərik”.
Qeyd edək ki, UEFA aprelin 21-də quruma üzv olan 55 milli assosiasiya ilə növbəti videokonfrans, iki gün sonra isə İcraiyyə Komitəsinin iclasını keçirəcək. Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda təşkil olunmalıdır.